Page 157 - Islamic Studies 07
P. 157

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 156

                     Giriş
                     İslam  tarixçiləri  arasında  geniş  yayılmış  rəyə  görə  Əli  (ə)
               Yəmən hökmdarı Əbrəhənin Kəbəyə doğru Fil yürüşündən otuz il
               sonra  Rəcəb  ayının  13-də  dünyaya  gəlmişdir.  Şeyx  Mufid  “ət-
               Təhzib”  əsərində  yazır:  “O  həzrət  Yəmən  hökmdarı  Əbrəhənin
               Kəbəyə  doğru  Fil  yürüşündən  otuz  il  sonra  Rəcəb  ayının  13-də
               Məkkə şəhərində, Kəbə evində anadan olmuşdur.”1
                     Hafiz  Gənci  Şafei  “Kifayətut-talib”  əsərində  Hakim
               Neyşaburiyə  istinadən  belə  qeyd  edir:  “Əmirəl-möminin  Əli  ibn
               Əbutalib Fil əhvalatından otuz il qabaq, Rəcəb ayının 13-də, cümə
               axşamı  Kəbə  evində  dünyaya  gəlmişdir.  Ondan  başqa,  nə  ondan
               əvvəl, nə də sonra heç kim orada dünyaya gəlməmişdir, O, bu şərəfə
               nail olmuş yeganə insandır.”
                     İbn Şəhraşub “Mənaqib” əsərində Əbu Əli ibn Həmmamdan
               belə nəql edir: “Fatimə bint Əsəd körpəni dünyaya gətirdikdən sonra
               Əbutalib onun əlindən tutub Əbtəh vadisinə sarı gedərək deyir: “Ey
               zülmət gecənin və parlaq ayın Rəbbi! Öz qəti hökmünlə bu körpənin
               adını bizə bəyan et!” Bu vaxt yerdən buluda bənzər bir qaraltı qalxıb
               Əbutalibin sinəsinə yapışır. Əbutalib görür ki, bu, yaşıl rəngli bir
               lövhədir  və  üzərində  yazılıb:  “Sizə  gözəl,  pak,  seçilmiş  bir  uşaq
               verilib. Onun adı Əlidir və bu ad Əliyyul-Əlanın (Allahın) adından
               götürülmüşdür.” Bəşər tarixində ilk və tək insan olaraq Kəbə evində
               doğulan İmam Əlinin anası Fatimə bint Əsəd Kəbə evindən eşiyə
               çıxarkən ona qeybdən belə bir səs gəlmişdi: “Ey Fatimə, bu uşağın
               adını  Əli  qoy!  Əzəmətli  Allah  buyurur  ki,  Mən  onun  adını  Öz
               adımdan seçdim, ona Öz ədəbimdən öyrətdim, Öz elmimi ona təlim
               etdim...”2
                     Əgər  biz  insanlığın  məna  çalarlarının  qəlb  və  ruhda
               yarandığına inansaq, o zaman Əli ibn Əbu Talibin dünyaya gəlişinin
               xeyirxahlıq  missiyasına  inam  və  onu  müdafiə  təməli  üzərində
               möhkəmləndiyini görə bilərik. Çünki Məhəmmədin böyüyüb boya-
               başa çatdığı evin ruhu doğularkən təbii olaraq Əliyə keçmişdir.


               1  - Şeyx Mufid “ət-Təhzib”, Darüt-təaruf, 1401 hicri-qəməri, birinci çap, səh. 26
               2  - İbn Şəhr Aşub Məhəmməd ibn Əli Mazəndərani, Mənaqibi-Ali Əbi Talib,
               Qum, əl-Mətbəətül-aləmiyyə, Tarixsiz, səh.68
   152   153   154   155   156   157   158   159   160   161   162