Page 137 - Islamic Studies 07
P. 137
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 136
Nəticə
Həqiqi arif özünü həmişə Allah məhzərində görür. O, yalnız
Allahdan qorxar. Həmişə ehtiyat edir ki, Allahın əmrlərindən boyun
qaçırmasın. Həqiqi ariflər daim zikr edərlər. Əlbəttə, daimi zikr bu mənada
deyil ki, əldə daim təsbet olsun və dil ilə zikr deyilsin. “Dil” ilə zikr etmək
zikrin ən aşağı dərəcəsidir. Ondan daha üstün zikr “zehni” və zehində olan
zikrdir. Yəni, zikrin məzmununa insanın zehni və fikri diqqəti olsun.
Zehni zikrdən daha üstün olan zikr “qəlbi” və qəlbin zikridir. Yəni, salikin
qəlbi həmişə Allahı xatırlasın, qəflətdə olmasın. Qəlbi zikrdən daha üstün
zikr isə “vücudi” zikrdir. Yəni, salikin bütün varlığı, vücudu başdan-ayağa
Allahı zikr eləsin; onun bütün fəaliyyətləri Allah yolunda olsun; özünün
bütün daxili və xarici hallarını Allaha diqqət etməklə yerinə yetirsin. Bu
zaman onun yuxusu və ayıqlığı, oruc olduğu və olmadığı halı, sükutu-
danışması, ayaqüstə durması-əyləşməsi eynidir, bütün bu halların
hamısında Allahı zikr edər. “Şəbaniyyə” münacatında belə oxuyuruq:
“İlahi! Məni sevinc gətirən Özünün izzət nuruna birləşdir, bununla Sənə
arif olum və Səndən ayrısından üzümü döndərim, Səndən qorxum, ehtiyat
edim”.
Bu duada iki məsələ arifin əlaməti olaraq göstərilmişdir. Biri,
Allahdan qeyrisindən üz döndərmək, o biri də Allahdan qorxmaq. Yəni,
həqiqi arif o şəxsdir ki, onun bütün işlərinin mərkəzi oxunu Allah təşkil
edir. Onun diqqətini Allahdan başqa heç bir şey cəlb etmir və Allahdan
qeyri heç bir şeyə ürək bağlamır. Hafizin sözü ilə:
Qəlb lövhəmdə yarın əlif qamətindən başqası yoxdur,
Neyləyim ki, ustadım əlifdən başqa hərf öyrətmədi.
Həqiqi arif yavaş-yavaş elə bir nöqtəyə yetişir ki, o, Allahdan başqa
heç bir şeylə üns tapmır. Həmişə Allahı yad edər. Əlbəttə, ona Allahı
xatırladan əşya və şəxslərlə üns qurar və bu üns eyni ilə Allahla üns
deməkdir. Həqiqətdə belə şeylərə və şəxslərə məhəbbətlə yanaşmaq, sevgi
göstərmək İlahi məhəbbətin bir şaxəsidir. Əlbəttə aydındır ki, belə məqam
bir anda və tez yaranmır. Belə məqamın yaranması tədricən baş verir və
“riyazət” (nəfslə mübarizə), çalışmaq sayəsində əldə olunur. İnsan təbiət
etibarilə tədriclə elə bir məqama yetişə bilər ki, Allahdan başqasını
görməsin. Hər nə müşahidə etsə, Allahı ondan qabaq, onunla və ondan
sonra müşahidə edər.